Reklam verin!
 CavidAn - səhra küləyi... : Elə-belə - 2...

Navigation


RSS: Yazılar



Elə-belə - 2...

May 28, 2008 10:27, Nəsr, ryabina, Şərhlər(2)

Bağdakı naringi ağaclarını yoluşdurub hələ yetişməmiş meyvələrindən qarnına doldura-doldura nar ağaclarına tərəf gedirdi.
Ayağı nəyəsə ilişdi. Az qala yıxılacaqdı. Yıxılmadı. Amma çeçədi. Yetişməmiş naringinin turş şirəsi boğazına od qoydu. Haçandan- haçana özünə gəlib nifrətlə naringi ağaclarına baxdı. Ona elə gəldi ki, ağaclar qəhqəhə çəkib onun halına gülürlər. Hətta bu qəhqəhələrdən qulaqları batacaqdı az qala. Əllərini qulaqlarına sıxıb yerə çöməldi. Gözlərini yumdu. Bir anda onlarla, yüzlərlə, minlərlə əl daraşdı ona. Hə, gözlərini açanda elə beləcə də gördü. Bəyaz, bir qədər də solğun əllərin hücumuna məruz qalmışdı. Saçlarını, ayaqlarını, qollarını dartışdırır, əynindəki donun ətəklərini qaldırıb vücuduna pərçim olurdular. Onlara müqavimət göstərə bilmirdi. Bu saysız-hesabsız əllərin heç bir əxlaqa sığmayan təcavüzünü saysız-hesabsız af-uflar, iniltilər, sözlərini aydın eşidə bilmədiyi ehtiraslı pıçıltılar müşaiyət edirdi. Hiss elədi ki, artıq donu da, alt paltarları da əynində yoxdur. Yerdəydimi, göydəydimi, anlaya bilmirdi. Uçuşan, oynaşan bəyaz əllər onun bədənini başqa heç nə ilə təmasda olmağa imkan vermirdi. Amma bilirdi ki, üzü göylərə sarıdır.
Ağzını, qulaqlarını qapayan əllər nə üçünsə gözlərinə dəymirdilər. Və bütün varlığını bürümüş əsarətin içərisində gözlərinin azad olması onu sevindirdi. Baxışlarını mümkün qədər uzağa yönəldib bu anda yaşadıqlarından ruhunu azacıq da olsa ayırmağa cəhd etdi.
Haçansa Quranın tərcüməsində oxumuşdu ki, “Hansı tərəfə dönüb baxsanız da, Tanrı ilə üz-üzə dayanmış olursunuz...”
Tanrı ilə üz-üzə...
Amma Tanrı dərgahına yönələn baxışlarının yolunu topa-topa buludlar kəsdi. Buludlarda dünyanın müxtəlif yerlərində bu anda baş verənlər əks olunmuşdu. Sanki kimsə pultu əlində saxlayıb onların üzərində kanalları bir-bir dəyişir, bütün dünyadan canlı görüntülər nümayiş elətdirirdi.
Bax, bu, Hindistandır...
Yenə körpü uçub. Gözünü dünyaya açandan indiyə qədər elə hey eşidib ki, Hindistanda körpü uçub, sərnişin qatarı, ya da avtobus dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var... Yaralıların ah-naləsi bəyaz əlləri müşaiyət edən iniltilərə qarışdı və onların içində əriyib itdi...
Bu nədir?
Somalidə ac qalan qara-qura əhali...İlahi! bunlar insandımı? İlahi, bunlar da bizimlə eyni bir dünyada, eyni bir zamandamı yaşayır? İlahi, bunlar yaşayırmı? De, bunlar sənin qaralama dəftərindimi? Bunlarınmı üstündə öyrəndin insan yapmağı?...
Bəs bu nədir?
Antarktida buzlaqları...əriməkdə...
Qırx günlük palçıqdan yaratdıqlarının yerdə törətdiyi fitnə-fəsada dözməyib buz ürəyinmi əriyir? Nə deməkdir bu? Səbir kasan daşıb basacaqmı düzü-dünyanı?
Buludların üzərindən al- əlvan adamlar qışqırışırdılar: “Qiyamət! Qiyamət qopur, Qiyamət!..”
“ Hə, əlbəttə, başqa adı ola bilməzdi bunun. Qiyam və Ət sözlərinin birləşməsidir Qiyamət...Ətə qiyam, qiyama ət... Lap çaşıb qaldım...İlahi...bircə bu əllər tez çəkilib getsəydi...bircə azad olsaydım...deyəsən axı özüm də ehtiraslanıram get-gedə...ah, nə yaxşı...nə yaxşı...”

Beləcə Tanrı ilə üzbəüz azadlıqda qalan gözlərini ehtiras öz zərif nəfəsiylə qapadı...
Artıq onun iniltiləri də bəyaz əlləri müşaiyət edən af-uflara qarışdı...


**********************************************************

- Get əllərini, ayaqlarını, üzünü yu, başının təpəsinə də su çək, sonra gəl mənə kömək elə.
Nənəsinin dediklərini elədi və gəlib yanında durdu.
- İndi de bismillahirrəhmanirrəhim...
Hərfləri bir-birinə qarışdıra-qarışdıra birtəhər bunu da elədi.
- İndi bu isti külçələrə yağ çək.
Bir əlini soyuq nehrə yağına basıb xırdaca barmaqlarının içi ilə külçələri yağlamağa başladı. Külçələr əlini yandırsa da gözlərini oxşayır, ağzını sulandırırdı. Nənəsi də hiss elədi:
- Birdən qoparıb yemə ha! Gərək əvvəl məscidə aparaq, təbərrik eləyək, sonra. Tez-tez bismillahirrəhmanirrəhim de...

Nənəsi bir az əvvəl qovurduğu unu şirəylə, yağla yoğurub halva hazırlayırdı. Dodaqucu dualar oxuyur, imam adları çəkirdi.
Hər külçənin üstünə bir dilim halva qoyub zənbilə yığdılar və nənəsinin “Allah, Məhəmməd, ya Əli!” deməsiylə küçəyə çıxıb üz tutdular kənd məscidinə sarı.

Bu, birmərtəbəli, amma kifayət qədər böyük olan qırmızı kərpicli binanı hökumət kitabxana eləmişdi. Yadındadır, kitabxananın açılışına müəllimləri onları qoyun sürüsü tək qabaqlarına qatıb gətirmişdilər. Həmin gün məscidin həyətində adam əlindən tərpənmək olmurdu. Rayonun hökumət adamlarının hamısı burdaydı. Məktəbliləri məscidin eyvanına cərgəylə düzüb şeirlər oxutdurdular. Oktyabr inqilabına, Leninə, Kommunist partiyasına həsr olunmuş şeirlər idi bunlar.
Hiss elədi ki, ayaqları əsir...Balaca əllərinin baş barmaqlarını ovuclarında möhkəmcə sıxıb həyəcandan ölə-ölə öz növbəsini gözləyirdi...İndicə o deyəcəkdi şeir...Bax, xəbərçi Elnarə oxudu, qızbibi Kənan da...axsaq Nəzakət də söylədi şeirini...Aman...növbə onundu...
Mikrofon əlində ona yaxınlaşan əndamlı qadının turşumuş tər iyindən başı gicəlləndi az qala...Deyəcəyi şeirin ilk misralarını birtəhər çeynəyib tökdü:
Lenin, Lenin yolunda,
Qızıl bayraq əlində,
Çalışırıq, vuruşuruq,
Lenin baba sağ olsun,
Dörd tərəfi bağ olsun...
Mən...
Susdu...Turşumuş tər qoxulu əndamlı qadın gülümsədi:
-De...nooldu?
-...
- Ay qız...katib baxır...De...Mən Leninin qızıyam...de, de, köpək qızı...
- Mən Rafiqin qızıyam,
Partiyanın oğluyam...-mikrofona bağırdı...
Məscidin həyətinə öncə ölü bir sükut çökdü. Bəlkə də bu sükutdan o da rahat və sakit bir görkəm aldı, bayaqkı həyəcanı bir andaca yoxa çıxdı.
Və birdən məscidin həyətindəki adamlar bir səslə qəhqəhəylə gülməyə başladılar...Səbəbsə qəfil əsən küləyin əlimikrofonlu , turşumuş tər qoxulu əndamlı qadının Sovet bayrağı rəngində olan kristalon donunun klyoş ətəyini başına qaldırması olmuşdu...Qadının əynindəki sapsarı uzunbalaq pantalonu görməyən qalmamışdı. Bir qıraqda dayanıb baxan, kələğayılarının yaşmaqları altında dişsiz ağızlarını gizlədən qarıların deyinməkləri eşidildi:
-Ay Allaha qurban olum, əccəb oldu!
-Allahın evini kafir-kufurun qəzet-kitabıyla dolduranda, Allah da adamı bax, elə beləcə biabır eləyər də..
- Sən Quran, bu lotuya bax da, Allahın evinə qırmızı donda gəlməyinə bax da...

Sonra atasını məktəb qalmadı, ispalkom qalmadı, birinci katibin yanı qalmadı, hamısına çağırdılar...
Atasının sözü bir idi
- Mən demişəm elə oxusun! Bəli! Özüm kommunistəm, amma bu o demək deyil ki, mənim qızımın atası Lenindir...Kimə xoşdursa, öz uşağına belə oxutsun...mən belə öyrətmişəm...hünəri varsa, qoy başqa cür desin, dilini kəsərəm onun...!


O, bu məscidi çox sevirdi...Daha doğrusu, bu kitabxananı. Demək olar ki, hər gün dərsdən sonra bura cumur, oxumağa kitab seçir, məscidin min-bir rəngli xırda şüşələrdən ibarət olan nəhəng pəncərələrindən göyə, yerə, adamlara baxırdı. Maraqlı bir qənaətə də gəlmişdi. Artıq dəqiq əmin idi ki, ətrafa hansı rəngdə şüşədən baxırsansa, hər şeyi də məhz o rəngdə görə bilərsən...Hələ məscidi kitabxana etməkdən ötrü təmir edəndə məhəllə uşaqlarıyla gəlib ustalardan qır alıb saqqız kimi çeynədikləri , məscidin həyətində nənələrinin nişan verdikləri köhnə qəbir yerlərini axtarıb üzərlərinə taxta-tuxta düzdükləri günlərdə yerə dağılmış rəngli şüşə qırıqlarından xırda karton qutuya yığıb evə aparmışdı. Hər yadına düşəndə qutudan istədiyi rəngdə şüşə qırıntısı götürərək ətrafa baxır, dünyanı özü istədiyi vaxtda özü istədiyi rəngdə görə bilməsinə sevinirdi...
Amma məscidin öz pəncərələrindən ətrafa baxmağın ləzzəti ayrıydı...burada hətta bir gözünlə sarıdan, o biri gözünlə yaşıldan da baxa bilərdin...məsələn, axsaq Nəzakət mağazadan süd alıb gedir və məscidin pəncərəsi qədərincə rəngdən-rəngə düşürdü...gah qırmızı rəngdə axsayırdı, gah mavi...”Çox paxıl qızdı bu Nəzakət, heç kəsi sevmir, ona elə belə baxmaq lazımdı, qoy elə ala-bula görünsün, düşünür”, öz aləmində əylənərdi...
Kitabxanaçı qızlar ona o qədər öyrəşmişdilər ki, bir az gec görünəndə, onsuz darıxdıqlarını deyirdilər.
Burada bir yer vardı...İri, qara minbərin durduğu zona...bu yerdən yamanca qorxurdu. Hər dəfə bu qara minbərə yaxınlaşanda, hətta sadəcə baxanda belə canına qəribə bir xof dolur, ürəyi əsməyə başlayırdı...Tərslikdən qara minbər məhz uşaq ədəbiyyatı üçün ayrılmış stellajların yanında idi. Qorxudan ölsə belə, onun bir addımlığında dayanıb istədiyi kitabları axtarmalı, seçməliydi. Hərdən kitabxanaçıların başı məscidin o biri başında nahar etməyə və ya digər stellajları səliqəyə salmağa qarışanda burda, minbərin yaxınlığında özünü tək, köməksiz hiss edir, canına dolan xofun fonunda bəlkə min, bəlkə milyon, bəlkə daha çox səsin qarışığından ibarət pıçıltılar eşidirdi...Və aradabir lap qulağının dibində kimsə pıçıldayırdı : Zööööhhrəəəə...
Belə vaxtlarda seçib götürdüyü kitabı sinəsinə, dişlərinisə bir-birinə sıxıb cəld ordan uzaqlaşır, bir də geri dönüb baxmamağa çalışırdı...




Baxış sayı: 806
Açar sözlər:
Bookmark and Share



1

"Ay qız...katib baxır...De...Mən Leninin qızıyam...de, de, köpək qızı..."
Ləzzət elədi.
Şeir də yerləşdirin.Çooox xahiş edirəm.

May 28, 2008 11:05

2
Pərviz yazıb:

Salam dostum!
Çoxdandı biz tərəflərdə görünmürsən - 85 illikdən sonra...
Eşitdim qalib olubsan, təbriklər ürək dolusu.
"Hərfləri bir-birinə qarışdıra-qarışdıra birtəhər bunu da elədi." - İmkanın olsa, ərinməsən hərfləri sözünü səslər-lə əvəz elə...
Doğrudan da yazıdan ləzzət ətri gəlir, əla bir mövzu seçibsə və ya mövzu səni seçib - bunun bir elə fərqi yoxdu, ama təəssüf ki, yazı yarımçıqdı, bitməyib, öz bədii (lap tənqidçilər kimi danışdım) həllini tapmayıb. Məscid və kitabxananın problemini bitirib yoluna qoymaq pis olmazdı məncə.
Nə isə, qanını qaraltdımsa, yəqin bu işi daha gözəl çözərsən.
Uğurlar - həmişəki kimi!!!

May 31, 2008 0:28


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

ryabina
...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites