Romançı, romanın varmı..?
Demək belə..." Roman" adlı saytin resmi achilishini elan eleyirik...
Klassik roman, muasir roman, postmodern roman, aile romani, kuche romani, metbex romani, umumiyyetle, bildiyiniz roman ve roman adina bize soxushdurulan her shey haqqinda bu saytda fikirlerinizi yaza bilersiz... Esse yazin, pritcha yazin, hecada yazin, serbestde yazin, tenqid yazin, tehlil yazin, terif yazin, sevdiyiniz/sevmediyiniz romanlardan, roman qehremanlarindan sitat getirin, qisasi, gelin aktiv olar, bu sayti chagdash Azerbaycan edebiyyati'nin - men roman yaziram haa - deye ustumuze lovgalanan butun numayendelerinin kabusuna chevirek... ugurlar... yazilarinizi novarg2000@mail.ru unvaninda gozleyirik...
Diqqətli olun...
http://roman.azeriblog.com/
Belə bir blog var artıq...
Hamınızdan aktiv iştirak xahiş olunur...
Bloga keçid Dost bloqların arasından...
Baxış sayı: 39
Açar sözlər:
Bir az da romantika...

...və
aparar gözlərini
o qadının
ağ qırçınlı
mavi donu
gecələrin
tünd göy-qara
şanjan dənizinə...
xəfif ay işığında
zərif A silueti,
bir az külək..
bir az onun saçlarının
kokos şampunlu ətri...-))
...və
qoparar sözlərini
dodaqlarından alıb...
"sən mənimsən...
sən mənimsən...
sən mənimsən..."
Baxış sayı: 55
Açar sözlər:
Orduda dədəvşina, məktəbdə gədəvşina...


Bu günlərdə sevgili Qaynar.info-dan oxuyub məlumatlandım ki, bəs, jurnalistlərlə söhbətində ixtisasca həkim olan deputat Musa Quliyev bildirib ki, "Məktəb yaşlı uşaqların mobil telefonlardan istifadəsinin tam əleyhinəyəm. Bu, dünyadakı inkişaf prosesinin əcaib təzahürlərindəndir".
Belə... dünyadakı inkişaf prosesinin əcaib təzahürü demək...
Və bunu o ölkənin ixtisasca həkim olan deputatı deyir ki, həmin ölkənin məktəblərində dünyanın heç bir inkişaf prosesinə sığmayacaq dəhşətli, dəhşətli olduğu qədər də milli, hətta mən deyərdim ki, məhz mentalitetimizə uyğun olan təzahürlər var və bu təzahürlər qətiyyən əcaib görünmür, zira doğmadır, irsi-genetik yaddaşımıza köklənir, bir sözlə, özümüzündür..biz buyuq yəni, bu!!!
Göydən qırmızı bantikli zənbillə düşməmişəm ha, mən də vaxtilə məktəbli olmuşam . Və o illəri xatırladıqca atamın diliacı və ötkəm, kobud bir insan olmasına şükürlər edirəm. Əgər kişi belə olmasaydı, kəndimizin komsomolçu-kommunist müəllim və müəllimlərinin dərs dediyi konslager təmayüllü məktəbində mən də dəfələrlə lövhəyə çıxıb bir sinif uşağın üzümə tüpürməyinə(buna məcbur edilirdilər, çünki əməl etməyəni daha ağır cəzalar gözləyirdi), müəllimin o vaxtkı daş kömürlə qalanmış peçdən maşa ilə götürdüyü qıpqırmızı közün xırdaca əllərimə yaxınlaşdırması dəhşətinə, özümün məktəbin bağından gətirdiyim (buna da hamı məcbur idi- öz cəza alətini özü gətirməyə) nazik çubuqlarla əllərimə-ayaqlarıma dəyəcək zərbələrin göynərtisinə, ya da ən asan və yüngül cəza olan müəllimin ayaqyolu dəsgahı üçün hər şagirdin öz evindən gətirdiyi yaşıl-qəhvəyi borjomi butulkalarını suyla doldurub təbii (təbii fəlakət gələydi başlarına elə) ehtiyacını ödəməyə getdiyində yanınca daşımağa vadar edilərdim. Nə yaxşı mənim atamdan qorxurdular müəllimlərim.
Onların hər birisi dəqiq bilirdi ki, mənə edəcəkləri hər şeyi olduğu kimi atam da gəlib onların özünə edəcək (bu yerdə Cavidan xanımın yadına qonşu saytda gedən xatirə dolu romantik köşə yazıları gəlir və o, gülümsəyir).
Faşizmə meylli olmayan müəllimələrimiz də vardı ki, özümüzü yalnız onların dərslərində adam balası kimi hiss edib rahatlıqla balaca ciyərlərimizi işə salıb nəfəs almağın necə gözəl bir şey olmasını anlayardıq. Bu müəllimələr - rus qadınları idi... Onlardan nələr öyrənmədik ki? Dərslərdən əlavə geyinməkdən tutub şirniyyat bişirməyədək, süfrə açmağadək, tikmə-biçmə işlərinədək, özümüzü cəmiyyətdə aparmaq qaydalarınadək hər şeyi də olmasa, çox şeyi.
Elə mənim məhz rus dili müəlliməsi olmağıma səbəb də uşaqlıqdan sevdiyim həmin rus müəllimələri oldu.
Və gün gəldi, özüm dərs deməyə başladım. Üstümü unlu görüb, yəni məni guya ki xam bilib məktəbin ən çətin sinfinin rəhbəri etdilər. Sinfin məndən əvvəlki rəhbəri, yaşlı bir kişi mənə sinif jurnalını, şüşəsi sınıq qapının açarını və yekə bir oxlovu təhvil verdi. "Bu nə üçündür?" sualıma isə "Göydən gəlmisən? Bu uşaqlar ancaq bu oxlovun dilini başa düşürlər" cavabını aldım. Mən o açarla o şüşəsi sınıq qapını hər gün açdım və bağladım, o sinif jurnalını hər gün vərəqlədim, amma o oxlovu bircə dəfə belə özümlə dərsə aparmadım. Və tam nəzarətdə olması üçün müəllimlər otağıyla üzbəüz otağa salınan bu sinfin şagirdləri çox keçmədi ki, məktəbin ən ağıllı uşaqları kimi hamıya nümunə oldular. Onlarla insan kimi davranmışdım və hər gün məni dayanacaqda qarşılayıb dərslərim bitincə yenə evə ötürən şagirdlərimin, onların valideynlərinin məmləkətin ən ağır günlərində belə gülümsəyə bildiklərinə sevinirdim.
Niyə döymədim onları? Bəlkə ona görə ki, özüm müəllim çubuğu, müəllim söyüşü görməmişdim? Yenədəmi atamın kobud və müəllimlərim üçün qorxulu bir varlıq olmasına şükür edim? Başqa nə çarəm qalır ki?
Oğlumun ilk dərs günündə isə bir-birindən bəzəkli-düzəkli anaların öz balaca balalarını müəlliməyə tapşıraraq "döyün, yoxsa sırtıqlıq edər, dərsini öyrənməz, hesab edin öz balanızdır, sürüyün, bir ayaq üstə saxlayın, qoy sözəbaxan olsun" kimi sözlərindən dəhşətə gəldim. Müəllimədən yeganə istəyim o oldu ki, uşağa qarşı kobudluq etməsin. Həmin anda 20-25 nəfər gənc ananın və 3-5 müəllimənin yanında mən yad planetdən gələn sarsaq bir məxluqa bənzəyirdim...
Bu mövzuda çox yazmaq gərəkdir əslində, hətta mən bütün həmkarlarımızı bunu bir aksiya kimi etməyi təklif edirəm. Hərəyə bir ağac əkib də hərəyə bir nar verə bildik, eləmi? Niyə də hərəyə bir köşə yazmayaq məktəblərdəki müəllim-despotlardan? Nar demişkən, elə Göyçay məktəbindəki müəllim-şagird konfliktinin üstünə gəlmək istəyirdim, xatirələrim (yenə romantik köşələr toplusu yadına düşdü Cavidan xanımın...) imkan vermədi. Budur, şagird coğrafiyada okeanların yerini səhv salır və bunu ona tədris edən müəllim öz başına döyməkdənsə şagirdi döyməyi daha üstün hesab edir... bu da bizim təhsil islahatımızın əcaib təzahürlərindən biri.
Atam o vaxt yanıb-tökülərdi ki, bir aparat ola, xəlvəti çəkəsən bu faşistlərin dərslərini, sonra sübut edib soxuşdurasan gözlərinə. Çünki şagirdlər gələn dəfə daha ağır döyüləcəklərindən qorxaraq "Sinif sirri"ni qırağa vermirlər. İndi budur, şagirdlər bir tərəfdən gədəvşinaları, əsgərlər də o biri tərəfdən dədəvşinaları çəkib gözlərimizə soxuşdurmaqdadırlar... Və bunlar dünyanın inkişafının əcaib təzahürü hesab olunur... Mənsə əksinə, məktəblərdə və ordu hissələrində "hərəyə bir mobil telefon" istəyirəm. Çəkin də bu milli manyaklardan çəkdiklərinizi, yayın aləmə... görək sonu nolacaq...
Baxış sayı: 240
Açar sözlər:
NOVARG...

Aznetin ən güclü virusu..
Forumların, müzakirə və mübahisə məkanlarının ən maraqlı şərhçisi..
Virtual aləmin unudulmayacaq əfsanəsi...
Novarg...
Mən ona tünd kofe deyirəm..
Xanımlardan biri könüllərin virtual qəhrəmanı dedi...

O, ən yaxşı dostdur..və ən yaxşı düşmən...
Məni bu ədəbiyyatın başına bəla edən də odu..etraf edirəm bu gün..
Və bu gün Novargın ad günüdür...
Təbrik edirəm, tünd kofe...-))
Baxış sayı: 203
Açar sözlər:
17 NOYABR- MİLLİ DİRÇƏLİŞ GÜNÜ...

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə çıxartdılar. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən çıxartmır, həm də onları cismən öldürür, diri-diri yandırırdılar.
Ermənilərin tarixdə görünməmiş bu vandalizminə Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. // Trend
Baxış sayı: 76
Açar sözlər:
Co üçün...

Bir az Parisdən danış...
O zərif qadın qırığından...
O uzaq may səhərindən...
Günəşin təbəssümü də ötən günkündən daha istiydi, onun əlləri də.
Külək şıltaq uşaq inadıyla üstündə xırdaca mavi çiçəkləri olan ağ donunun ətəyini ayaqlarına yapışdırır, sanki onu qucaqlamaq istəyirdi. Saçları daha çox sevinirdi o gün. Yadında deyil, kimsə ona demişdi ki, küləyin sevdiyi bir şey varsa, o da qadın saçlarıdır. Üzünə, dodaqlarına çırpılıb uçuşan saçları onu tez-tez gözlərini yummağa vadar edirdi. Bir anlıq düşündü ki, nə yaxşı olardı, elə beləcə gözlərini yumub saçlarının və küləyin təmasından, içindəki rahatlıqdan başqa heç bir şey hiss etməyərək gedəydi...Fərqi yoxdu hara...Amma həyat maneələrlə doludur və hər an nəyəsə, kiməsə çırpılıb yıxıla bilərsən. Gülümsəmək, yalnız gülümsəmək lazımdır hər şeyə və hər kəsə...
O da gülümsəyirdi.
Yanınca addımlayan hündürboylu rejisorun sözlərini eşitmirdi. Adam səhərdən danışırdı. Liftdə də, yeraltı keçiddə də, metroda da elə hey danışmışdı. İndi bu adamların saçlarına və küləyə gülümsədikləri küçədə də danışırdı. Saysız-hesabsız intiharlardan, saysız-hesabsız intihar səhnələri yaratmış aktrisalardan, saysız-hesabsız yazıçıların, aktyorların, musiqiçilərin intihar cəhdlərindən...O, deyirdi ki, yaradıcı adamlar daha çox meylli olurlar depressiyaya və onların arasında intihar edənlər daha çoxdu. Amma yaradıcı insanın intiharı da adi insanlarınkından fərqlənir. Yaradıcı adam damarlarını doğramır, onları narkotiklə doldurur. Bu, onun həyata üsyanı və intiharıdır...
O isə gülümsəyir, bir azdan marketin qapısında ayrılacağı bu adamın danışdıqlarını saçlarıyla çırpıb küləyə ötürür, qulaqlarına buraxmırdı.
Bir mahnı vardı havada.
“Lüksemburq bağı”nı oxuyurdu Paris...
Və marketin ikinci mərtəbəsində parfüm satan qız da gülümsəyərək “Lüksemburq bağı” oxudu qiymət əvəzinə.
- Sən küləkləri sevmirsən, düzdür?- qızdan soruşdu.
- Hardan bildin? – qız “Lüksemburq bağı”nın tam ortasında dayanıb gözlərini döydü.
- Saçlarını çox qısa kəsdirmisən,- dedi gülümsəyərək.
Parfüm satan qız da gülümsədi və dodaqları “Lüksemburq bağı”nın tam ortasından aralandı...
Bir az Parisdən danış...
O yarımqaranlıq dəhliz xatirindəmi?
Bəs o nəmli pillələr?
O mərtəbədə dayandınmı?
Doldurdumu qulaqlarını o açar çıqqıltısı?
Otaq da ötən günkündən daha soyuq idi, onun əlləri də.
Bilirdi ki, o, evdədir.
Vanna otağından su şırıltısı gəlirdi. Yenə “Lüksemburq bağı”. Su da onu oxuyurdu.
Qapının ağzında səssizcə dayanmışdı. Küləkdən yorulmuş saçları da pərişan idi, içində çırpınmağa başlayan narahatlıq hissi də.
O, arxası vanna otağının qapısına dayanıb əl-üzünü yuyurdu. Və o, “Lüksemburq bağı”nı oxuyurdu.
Sən bu anı heç bir zaman unutmayacaqsan, deyilmi?
Güzgüdən baxıb gülümsəyən gözlər, barmaqlarının uçub qonmaq istədiyi qızılı buruqlar...
- Sən bu gün də intihar etdin? – elə güzgüdən baxıb soruşmuşdu. Hətta bunu soruşanda da gülümsəyirdi. Gözlərində dəniz saflığı vardı...və dəniz kədəri...
İstədi desin ki, bəs sən? Sən niyə bu gün də narkotikdən istifadə elədin? Amma deyə bilmədi. Bunu desəydi, yer üzündə hər şey donardı, hətta zaman belə. O isə yer üzündə hər şeyin donmasına razı ola bilərdi, “Lüksemburq bağı”nın yox.
Elə buna görə də dodaqlarını dəniz saflığında susdurdu...və dəniz kədərində...
Bir az Parisdən danış...
Bir də oxu o mahnını.
Azdır ruhumu o geniş küçələrdə, nəm qoxulu pillələrdə, o qızılı buruqlarda...
Bir az Parisdən danış...
Baxış sayı: 80
Açar sözlər:
Lenin və mən...

11 yaşlı məktəbli qızını ardınca daşıyıb uzaq bir kənddən məhəlləmizə qədər gələrək ona qatıq , göyərti və feyxoa satdığını qışqırdan gənc qadının pəncərəmi döyməsinə oyanmışam.
Budur, adına min dəfə qara yaxılmasına baxmayaraq (burada nə üçünsə hər ehtimala qarşı yadıma Ağ evə Qara hökumət yaxılması düşür) , ağlığıyla gözlərimi qamaşdırıb yuxumu qaçıran qatıq balonunu alıram. Corabindan çıxartdığı qəpikləri sayıb pulumun qalığını qaytaran qadın yorğun bir halda deyir:
-Nə yaxşı bu dəmir pulları çıxartdılar, heç olmasa bunlara baxırıq, Lenin babanı, sovet hökumətini yada salırıq...pulun da bərəkəti vardı onda, qatığın da , elə adamın da...
Mən bir köşə yazarı olaraq bir qatıqsatan elqızımla söhbətə dayanmağı özümə borc bilirəm və məmləkətimizdə hələ bundan sonra dəmir pulların, qatığın və adamların daha bol olacağından o ki var danışıb ona ürək-dirək verirəm...Və o, və onun 11 yaşlı məktəbli qızı məni böyük bir adam hesab edərək yağış altda islanaraq dinləyir...islanır...xəstələnirlər...
Sonra işıq sayğaclarını yoxlayan cavan oğlan gəlir...Min dəfə ona deməyimə baxmayaraq yenə də barmaqlarının beşini də birdən yalayıb bildiriş yazacağı cıqqılı kağızı isladır və mənə uzadır:
-Nə işlədirsiniz belə? Sovetin dövrü deyil ey Leninin işığını ley-pey işlədəsiniz, camaat sevinir ki, qış gəlir, hamamı daha həftədə bir dəfə yox, ayda bir dəfə qızdırarlar, sizsə hələ bir kompüter də işlədirsiz...
Mən yenə də bir köşə yazarı olaraq bu bildirişyalayan eloğlumla söhbətə dayanmağı özümə borc bilirəm və kompüterizasiyanın perspektivlərindən o ki var danışıb onun bərəlmiş gözlərindəki heyrətə baxaraq çoxbilmişliyimdən həzz alıram və min birinci dəfə ona deyirəm ki, bir də bildiriş vərəqini yalamasın, evdə sabun çatdırmıram ondan sonra əl yumaqdan...
Daha sonra bir qohumumuz gəlir. Yaşı 60-ı haqlayan bu kişi hələ də pencəyinin yaxasında dahi Leninin profildən qızılı əksi olan al-qırmızı bir döş nişanı gəzdirir. Təqaüd pullarını bu aydan o aya nəyə xərcləyə bildiyini və nəyə xərcləyə bilmədiyini sayır. Partbiletini pencəyinin döş cibindən çıxarıb masanın üstünə çırpır:
-Kommunistlər bu seçkidə olmadılar, yandıracam bu partbileti...!- deyir...
Mən bu dəfə də bir köşə yazarı olaraq bu “Sonuncu Magikan” el ağsaqqalımızla söhbətə dayanmağı özümə borc bilirəm və məmləkətdəki siyasi partiyaların nizamnamələrəni və məramnamələrini gətirib masanın üstünə yığıram ki, partbiletini yandırmazdan öncə bunlardan birini seçib üzv olmağa qərar versin...Və o, əsl Mayakovskisayağı bir qürurla ayağa qalxıb deyir:
-Mən yenə də seçkiyə gedib kəndimizin mantyoruna səs vermişəm. Hər dəfəki kimi yenə də hamının adını silib onun adını yazmışam vərəqə...heç olmasa işıq xətlərimizi bağlayıb-eləyir...
Artıq yoruluram...
Bir köhnə məktəb yoldaşıma zəng edirəm və “nə var-nə yox?” əsnasında “belə də..hərdən nəsə yazıram, arvadlarçın şeir, kişilərçin köşə...” deyirəm.
- Bəs sən?- soruşuram...
Və o, bir köşə yazarı olaraq bu köhnə məktəb yoldaşıyla söhbətə dayanmağı özünə borc bilərək mənə mətbuatımızda və ədəbiyyatımızda baş verən ən son yeniliklərdən və mədəni inqilab qığılcımlarından danışır...Və mənim Lenindən yorulmuş beynimin yenicə sakitləşməyə başladığı bir anda söhbətinə yekun vurur:
-Necə deyərlər, çalışırıq, vuruşuruq, Lenin baba yolunda...
Mən dəstəyi necə atdığımı xatırlamayaraq başımı tuturam və bu anlarda yeganə istəyim Lenin haqqında heç bir şey eşitməmək olur...Və Çingiz Abdullayevin Dronqosunun Sovet hakimiyyətinə nostaljiləriylə dolu kitablarını, amerikalıların Leninin cəsədini almaq istədiyini yazan ötən ildən qalma qəzetləri, hətta “Məhəllə 2” kinosunun kasetini götürüb evdən çıxartmaq istəyirəm...Və qapıda kimi görsəm yaxşıdır? Leninin əkiz tayı kimi ona oxşayan bir qoca əlini açıb dilənir...Əlimdəkiləri geri qaytarıb bayaq qatıqsatanın mənə qaytardığı dəmir qəpikləri ona uzadıram...Qoca onları alıb həmən çirkli corablarına soxuşdurur və gedir...
P.S. Əsl dəhşət isə qatığ balonunun ağzına bərkidilmiş köhnə kitab vərəqini oxuyanda başlayır: “ V.İ. Lenin azadlığ hərəkatının üç mərhələdən keçdiyini göstərmişdir:1) zadəgan dövrü; 2) raznoçin və ya burjua-demokratik dövrü; 3) proletar dövrü...”
Baxış sayı: 71
Açar sözlər:
paxlavalardan 6...

dağların birində
qəhqəhələrim ilişib budaqlara
və səni sevdiyim çağlara...
sən də yoxsan
ilişib qalmısan
uzaqlarda...
Baxış sayı: 49
Açar sözlər:
Dəniz...yenə dəniz...
![]()
Dünyadan küsürəm.
İnsanlardan qaçıram.
Yenə saçlarımla küləyə, baxışlarımla dənizə qısılıram.
Nəhəngliyinə, maviliyinə vurulduqca öz köksüm də qabarır.
- Necə də istərdim sənin kimi olum, dəniz...ay dəniz...-pıçıldayıram.
Dalğalar şahə qalxır.
Dəniz qəhqəhə çəkir:
- Mənə həsədmi apardın? – eşidirəm.
- Sənə bənzəmək istədim, - deyirəm.
- Mənim kimi deyilsənmi? – eşidirəm.
- Səndən çox-çox kiçiyəm, - deyirəm.
- Mən də kainatda bir damlayam, - eşidirəm.
- Sənin qədər güclü deyiləm ki, - deyirəm.
Dalğalar coşur.
Qəhqəhələr qulaqlarımı batırır.
- Mən ki zəif bir küləkdən itirirəm təmkinimi?! – eşidirəm.
- Gözəlsən amma...- deyirəm.
- Gözəlliyim – maviliyimdədir...O da səmanın əksidir, gözümə düşür, - eşidirəm.
- Heçmi fərqimiz yoxdur? – soruşuram.
- Yoxdur...İnan ki, yoxdur...
- Mən özümdən qaçmaq istəyirəm, eşidirsənmi? – bağırıram.
- Bəs mən...dustaq deyiləmmi ? – pıçıldayır...
Gözlərim ayaqlarıma çırpılıb bir-birinin ardınca ölən ləpələrdə donub qalır.
Başa düşürəm ki, onlar sahilə can atan, özündən, öz dünyasından bezib qaçmaq istəyən dənizin son ümidləridir, ölür...
Baxış sayı: 284
Açar sözlər:
Rəbiqə...

Demək belə...bloqumun ən sadiq oxucularının və dostlarının ad günlərini burada qeyd edəcəyik...Bu gün çağdaş ədəbiyyatımızın ən sentimental qızı, mənim MSN-də ən "zanuda" həmsöhbətim, xətrini çox istədiyimiz Rəbiqənin doğum günüdür...Əqrəblərin şairə xanımını təbrik edək...
Baxış sayı: 179
Açar sözlər:
Bir müsahibə...
Bu müsahibeni Esed Nesirli "Vetendaş hemreyliyi" qezeti üçün hazırladı...Baxin, siz de qatilin...-))
Salam Cavidan xanım, necesən?
Salam..yaxşıyam, sağ ol...
1. Ətrafında səni komoleksə sala biləcək dəyərlər varmı, varsa onlarla necə mübarizə aparırsan?
Ətrafımda məni kompleksə sala biləcək elə bir qüvvəmi, ya ictimai dəyərmi görmürəm..Fikirlərimdə və əməllərimdə həmişə özü seçim edib addım atmış birisiyəm və hər hansı bir addımı atarkən “buna filankəslər nə deyəcək görəsən” kimi baryerlər qoymamışam qarşımda. Amma söz yox ki, mənim hansısa addımıma görə yanımda birisinin istər mənəvi, istər maddi cəhətdən sarsılmasına heç vaxt yol verməmişəm. Özümə ağır belə olsa ən yaxın insanlarıma zərbə vurmaqdan son anda vaz keçməyim olub. Yəni, yenə deyirəm, sırf azad seçim..bəzən daha problemli yolu seçsəm də buna məni kənardan kimsə yox, mənim öz ürəyim vadar edib. Cəmiyyətdəki cəhalətə qarşı mübarizəni isə yenə yalnız maarifləndirmə işində görürəm, baxmayaraq ki, biz əsrlər boyunca bununla cəngə çıxdıq və kütləni sevdiyi, bağlandığı çamurdan qopara bilmədik..amma yenə də, əgər bu yolla yüz ildən bir də olsa bircə saf balamızın mənəviyyatını , içindəki işığı xilas edə biliriksə, demək davam etməyə dəyər..
.2. Bu yaxında kultaz-da bir povestin çap olundu və maraqlı səs-küyə səbəb oldu. Bəlkə bu haqda bir az ətraflı danışasan...
“Cırcırama öpüşü” əslində mənim uşaqlıq xatirələrimdən ibarət olan sənədli bir yazıdır. Belə deyək də, bir neçə balaca qızın ümumiləşdirilmiş bir Zöhrə adlı obrazının ətrafına mən kəndimizdə 80-ci illərin əvvəllərində yaşanan həqiqətləri yığaraq yazdım. Kultazın həmişəki ab-havasında yuyub sərənlər də oldu bu yazını, yəni mənim gözümlə gördüyüm hadisələrin 80-ci illərdə bir Sovet kəndində baş verə bilməyəcəyini yazanlar da oldu, hətta birisi tarix elmləri namizədliyini də önə çəkib məni yalan yazmaqda suçlandırdı..Əfsus..yazdığım hər bir kəlmənin həqiqət olmasına başımla zamin qala bilərəm...O gizli təkyələr də vardı, o aşkar “Hüseyn vay” yürüşləri də, milis basqınları da, hətta o yadplanetli “didibi dibebe kazajaj...” kodu da 80-ci illərin səhv eləmirəmsə “Perm bermudu” jurnalından götürülüb qədim şaman duası kimi izah edilərək yayımlanan bir mətn idi.. Bədii mətn kimi isə “Cırcırama öpüşü” hekayə formatından çıxıb nisbətən böyük həcmli yazılara keçməyim üçün sadəcə bir tramplindir, hesab edirəm..yəni, əsas məqsəd “Cırcırama öpüşü” nü yazıb ədəbiyyata bəxş etmək deyildi, bu povest sanki bir çamurdan adlamaq üçün yığıb ayaq qoymama kömək edəcək daş-kəsək rolundadır mənimçin..və əzizdir, dəyərlidir –yalnız uşaqlıq illərimin bir parçası olmasına görə...
3. Nəsimi adına mükafatı alandan sonra səndə bir arxayınçılıq yaranmadı ki, yoxsa əksinə daha çox məsuliyyət hiss etməyə başladın?
“Nə arxayınçılıq yaratdı, nə də ağır bir məsuliyyət hissi...Müsabiqə idi, ədəbiyyatımızın tarixinə düşüb qalmaq üçün olan şanslardan biri idi, qatıldım, seçildim, qalib oldum..Amma bax, Əsəd, müsabiqəyə təqdim etdiyim şeirlərin hər üçü ağır mövzularda işlənmişdi..Hətta ilk baxışdan sevgi şeiri kimi görünən “ İnsan Tanrının Yerə düşmüş Sözüdür” şeiri başdan-ayağa Qurandan götürülmüş fikirlər əsasında yaranıb və o şeirdə kimsə sevgilisinə “ Sən mənimsən, sən mənə də dönəcəksən “ demir, bunu Tanrının İnsana xitabı kimi oxumaq gərəkdir..təəssüf ki, şeirin adını açıq-aydın yazmağıma baxmayaraq onu elə sevgi şeiri kimi anladı çoxları..olsun amma. Ən gözəl sevgi Onun olan deyilmi? Daha sonra “Namə” adlı daha ağır bir şeir, hansında ki, Nəsimi, İsa, çarmıxa çəkilmiş qadın ruhu...və “Reinkarnasiya”..bu da hecada olan bir şeir idi. Demək istəyirəm ki, bu şeirlərin indi daha çox dəbdə olan, yazdığımız ( elə mənim özümün də) vəzndə yüngül, əxlaqda sürüşkən, həyasızlıqda tayı-bərabəri olmayan, sözün hər bir mənasında sərbəst olan mətnlərdən bu qədər fərqli olmasına baxmayaraq seçilib birinci yerə layiq görülməsi də mənə az şey demədi əslində..Bax, insanın bədənini yox, ruhunu oyadacaq əsərlər yazmaq gərəkdir və bunu kimsə etməlidir axı...Kim amma? Sənin soruşduğun məsuliyyət hissimi bu? Deməzdim..sadəcə ruhumun istəyi..ruhum tam başqa şeylər yazmamı istəyir, ona yabançı olanları qələmə almağımdan bezməkdə sadəcə..Erotika da yazıla bilər, amma hətta bu da bədəni yox, ruhu dindirmək iqtidarında ola biləcək mətnlər olmalı.. insanı mələkdən qatilə və ya əksinə çevirə biləcək əsərlər də yazmaq mümkündür..SÖZ hər şeyə qadirdir..amma biz-istedadı olan insanlar anadangəlmə lənətlənmiş ruhlarıq..çox ağırdır yükümüz, içimizdəki gücü insanlığın məhvinə də istifadə edə bilərik, saflaşmasına da..Bax, yenə gəldik azad seçim məqamına..Bu, çox incə bir məqamdır, qıl körpüsü kimi bir şey yəni..Keçmək-mütləqdir, amma keçərkən ruhunun çəkisi yüngülsə, safsa, qurtuldun, yox, ağırsansa, günahların üst-üstən kərmə bağlayıb Karmanı zindan kimi edibsə, ip qırılacaq və düşəcəksən cəhənnəm mələklərinə odlu sözlər qoşmaq girdabına...Azad seçim edib körpüyə yaxın gəlməmək də olar-qələmi yerə qoymaqla...
4. Səncə bu gün azəri qadınının rolu nədən ibarət olmalıdır?
Azəri qadını haqqında ötən il bəzi yazılar yazdım Qaynar.info saytı üçün. Qadın.az seriyasından olan o silsilədə son gəldiyim nəticə bu oldu ki “...bir cəmiyyətin sonuncu kişisi də öz nəfsinin diktəedici əsarətindən azad omayıbsa o cəmiyyətdə hansısa qadının özünü azad hesab etməsi çox gülünc və olduqca mənasız bir toyuq banlamasıdır... Azad qadın olmaq yox, azad kişinin qadını olmaq gərəkdir” Bizim kişilərimizin ruhən azad olması keçdi ..ən müasir bir paytaxt gənci də daxilində əyalət də yox, cəngəllik meyarları daşıyır, sevdiyini kənarda, seçdiyini evində saxlamağa üstünlük verir, banketlərdə qədəh-qədəhə vurub sağlıq dediyi iş yoldaşlarını belə ardınca “fahişə” kimi damğalayır..məsələn, kim mənə qarantiya verə bilər ki, elə qələm əhli arasındakı son dəbli gənclərimiz də öz həmkarları olan bütün xanımlar haqqında “ana-bacı” qədər hörmətlə düşünürlər? Bəlkə aramızda elələri var ki, bir redaksiyada birgə çalışdıqları xanımları “boy sırası” ilə sayıb neçəsiylə yatdığıyla və ya yatacağıyla qürrələnir? Yoxmu? Heç inanmağım gəlmir...nə bu xalqın kişisinə, nə bu xalqın dişisinə etibarım yoxdu...-))Azəri qadınlarının ümumiləşdirilmiş obrazını ortalığa qoyub çiyninə yük sırımayaq, yaxşımı? Konkret özümdən danışmaq istəyirəm..Mənim rolum – sağlam, savadlı, cəmiyyətdə başını sağ-salamat saxlaya biləcək, səsi səslər içində batmayacaq övladlar tərbiyyə etməkdir...Və bu missiyamın yanında qalan hər şey boşdur, sönükdür, üfürülüb gedəcək çobanyastığı ləçəkləri kimi ötəri bir yay əyləncəsidir..hətta ədəbiyyat da...
5. Rasim Qaracanın gənclərlə keçirdiyi sorğusunda gənc imzaların adlarını çəkməkdən çəkinirsən. Bəlkə bu adları indi çəkəsən.
Əzizim, hansı gənc imzaları? Onlar birdirmi ? Ikidirmi? Öz adını eşitmək istəyirsənsə, problem yoxdur, çəkim də..Əsəd Nəsirli...-)) Mən o gün kultazda bir şərh yazdım. Gözlə görünməyən divar haqqında idi o şərh..Demişdim ki, indiyədək yazılanlar, yazanlar, hamısı qaldı divarın o biri üzündə. Divarın bu tərəfində yaşından və təcrübəsindən asılı olmayaraq hamı bərabərdir, çünki hamı bir nəfər kimi sıfırdan başlamalıdır..Başa düşürsən bu nə deməkdir? Sən Madonnanın səhnədə necə yeriməsini müşahidə etmisənmi? Ya Şakiranın? Ya Kristina Agileranın? Heç olmasa Tarkanın...ya Baskovun..bunlar səhnədə yerimirlər, meydan oxuyurlar tamaşaçıya. Bizimkilərsə tamaşaçının gözünə düz baxmağı belə öyrənməyib hələ..niyə? Çünki hər kəs öz qüvvəsini, çəkisini bilir..eləcə də ədəbi simalarımız. Biz hələ hamımız iməkləyirik, sonra yıxılmaq-durmaq periodu olacaq, sonra ilk sərbəst addımlar, sonra ilk sərbəst gəzinti...daha sonra isə dünya kruizi haqqında da düşünməyə dəyər..Yazdığın əsər boyu oxucunun gözlərinin içinə baxıb “bax, sən busan” deyə bilmək lazımdır. Milyonlarla oxucu öz ruhunun əksini görüb yapışmalıdır sənin yazdığına. Amma biz yazdıqlarımızın arxasından miskin və hürkmüş bir halda boylanıb oxucuya “baxe, mən buyam” deyirik və öz nimdaş, cılız ruhumuzu milyonlarla oxucunun ruhuna uyğunlaşdırmağa, sırımağa cəhd göztəririk. Məlum məsələdir ki, bu cür miskinlik heç vəchlə cəlb eləməz, əksinə, itələyər, uzaqlaşdırar...Hər bir insan axı özlüyündə yalnız öz ruhundan daha güclü bir qüvvəyə sığınmaq istəyir, cılız və miskinləri kim sevəcək ki?Bizim yazarlarımız bizim oxucularımızı çoxdan mənəvi şikəstlərə çeviriblər, indi özləri qalıb sağlam və soyuqqanlı oxucu intizarında, amma həmin o sağlam və soyuqqanlı oxucu da məhz sağlam və soyuqqanlı yazarın əsərlərinin intizarındadır axı...
6. Səncə şer aqressiv ola bilərmi?
İçində nə varsa, yazdığına hopacaq da tanıdacaq ruhunu el-aləmə...Hər bir şeir müəllifin bəlkə özünün də aydın təsəvvür edə bilmədiyi iç dünyasından, təhtəlşuurundakı gizlinlərindən xəbər verir..Mahiyyətində azacıq da olsa aqressiya varsa, o aqressiya altşüurunun hansı küncündə gizlənsə belə bir dəfə hansısa şeirində azacıq da olsa üzə çıxacaq...Amma aqressiv şeir deməzdim, aqressiv əhvalın yaratdığı şeir deyərdim..
Hansısa ədəbi qruma üzv olmağı düşünmüsənmi?
Xeyr..indiyədək artıq mövcud olan ədəbi qurumların heç birinə üzv olmaq fikrində olmamışam, amma ən yaxın saydığım insanlar bir araya gəlib tam yeni nəsə yaratsalar, həmin yaranma prosesində mənim də əməyim olsa, böyük məmnuniyyətlə enerjimi və imkanlarımı sərf etməyə hazır olacam. Hazırın naziri olmaq mənlik deyil..
8. Sənin üçün ədəbiyyatla məşğul olmaq əyalətdə əlverişlidir, yoxsa şəhərə gəlmək istərdin?
Mən burda evdən kənara çıxmayaraq özümü tamamilə ailəmə və yazılarıma həsr edə bilirəmsə və üstəlik evimin içində yaradıcılıqla məşğul olmağım üçün mənə imkan yaradılırsa, niyə də bu əlverişli şəraitdən istifadə etməyim ki? Ya şəhərdə olsaydım? Nə dəyişəcəkdi görəsən? Dəyişən yeganə o olacaqdı ki, paytaxtdakı rəfiqələrim tez-tez yanıma qonaq gələ bilərdilər. Mən orda da evə qapılıb uşaqlarla, evlə və ədəbiyyatla məşğul olacaqdım. Heç bir ədəbi tədbirə , heç bir təqdimata, heç bir məclisə getməyəcəkdim. Burda ən yaxın qonşularım belə məni demək olar ki tanımırlar. Qohumlarla ünsiyyət də seçkilərdən-seçkilərə olur...beş ildən bir bəlkə yəni...-)) Mənə maraqlı olmayan məclislərdə, kompaniyalarda sıxılıram, ona görə də beynimi yormaqdansa təkliyə üstünlük verirəm... Mənə virtualdakı ünsiyyət kifayət edir.Şəhərə isə köçmək zərurəti olacaq-uşaqlarıma ali təhsil almaq növbəsi gələndə. Onları kirayədə saxlayan deyilik təbii, köçüb rahat təhsil ala bilmələrinə yardımçı olacağıq yəqin..hər halda belə bir fikir planda var.
9. Təzə fəaliyyətə başlayan BSU-nun Yaradıcılıq fakültəsinə qarşı tənqidi fikirlər də səsləndi. Bu haqda sən necə düşünürsən?
Mən kultazda gördüm üstünüzə olan hücumları. Özüm də sizi müdafiə etdim, yalnız ona görə yox ki, BSU mənə doğmadır, sadəcə ədəbiyyatımızın bu “it yiyəsini tanımayan, yiyə itini qapan” vaxtında belə bir yaradıcılıq fakültəsini yaratmağa məncə ehtiyac vardı. Yaranıb, gənclər var, bəzilərinin yazılarını da oxuyuruq, bəyənirik, niyə də davam etməsin bu fakültə qəbullarını? Deyənlər oldu ki, filologiya fakültəsi olan yerdə Yaradıcılıq fakültəsinin olması artıqdır. Amma filoloji fakültədə ədəbiyyat haqqında hər şeyi belə öyrənmək mümkün olsa da, bu yalnız proqram çərçivəsində keçirilən, gələcəyin dil-ədəbiyyat müəllimlərinin, bir qədər qabağa getsək, gələcək dilçilərin və ədəbiyyatşünasların bilgi baqajlarını təmin etmək üçün olan dərslərdir, vəssalam. Amma bütün bunlar ən yaradıcı və istedadlı tələbələrin də içindəkini ortaya çıxarmaq üçün stimul vermir çox vaxt. Özümdən götürürəm, mən BSU-da oxuduğum illərdə belə bir Yaradıcılıq fakültəsi yox e, normal bir balaca ədəbi dərnək belə olsaydı , mütləq onun içində olardım və indiyədək kim bilir hər şey tamam başqa cür və başqa istiqamətdə gedə bilərdi..Çünki yaradıcı gəncləri bir araya yığmaq və onlarla sadəcə həmsöhbət olmaq yetər ki, növbəti söhbətə qədər bu gənclərdən bir neçəsi artıq nəsə maraqlı və dəyərli bir şey yazsın. Söhbət həqiqi istedaddan gedir təbii ki.Bir daha uğurlar diləyirəm bu fakültənin müəllim-tələbə heyətinə.
10. “Dünya ədəbiyyatına can atmaq yox, dünya ədəbiyyatının canını almaq lazımdır” deyirsən. Bunun üçün biz nə etməliyik?
Bilirsənmi, Əsəd..bizim dünya ədəbiyyatına indiki münasibətimiz bəzi arvadların “qonşudan qalma dala” prinsipinə bənzəyir. Belə arvadlar adətən məhəllədə kim hansı dükandan nə alıb geyindisə və üstəlik gözəl, sanballı göründüsə, həmən qaçıb o geyimdən özləri üçün əldə edərlər. Nəticə isə heç bir halda sərf olunan əməyə də, pula da, əsəb gərginliyinə də, hətta o geyimi alarkən yaşanan sevinc hissinə də dəymir. Biz arvadlardan danışdıq, eləmi? Amma özünə hörmət edən, özünü dəyərləndirə bilən qadın heç vaxt kiməsə bənzəməyə can atmayacaq, öz ölçülərini, saçlarının-gözlərinin-dərisinin rəngini, hətta yerişini, boyunu, yanında gedəcək kişisini də nəzərə alaraq məhz özünün ümumi obrazıyla harmoniya yaradacaq geyimə üstünlük verəcək..və nəticədə biz qarşımızda təkrarsız, əsl xanım görəcəyik, deyilmi? Niyə bu primitiv misaldan istifadə etdim? Çünki ədəbiyyatımızın halı o hər qonşudan bir şey götürüb üstünə düzən , nəticədə eybəcər və gülünc bir görkəm alan arvadların halı kimi bu gün. Çox gözəl klassik irsimiz var, zəngin tarixə malik bir ölkənin insanlarıyıq, hər bölgənin folklorunu da üzərinə gəlsək, qədim, unudulmuş mifoloji dəyərlərimizi də araşdırsaq, bunları bir az dini, bir az fəlsəfi baxımdan öyrənməyə tənbəllik etməsək, məhz özümüzün olan bu möhkəm bünövrədən ən yeni, ən müasir deyim tərzlərində əsərlər yaratmağa çalışsaq, inan, tayımız-bərabərimiz olmayacaq. Özümüzü, öz ruhumuzu qaytarıb da o ruha köklənməliyik öncə..və sonra dünya ilə məhz o ruhun dilində danışmağa başlamaq..bax bu olacaq əsl Azərbaycan ədəbiyyatı. Tam, bütöv, özünəməxsus, dünyanı özünə cəlb edən, dünyanı öyrətməyə qadir olacaq bir SÖZ dərgahı..mən buna çox inanıram...
11. Folkner deyir ki, bütün nasirlər uğursuz şairlərdi. Bu fikirlə razısanmı?
Heç, amma heç sevmirəm bu ağır-batman imzalardan sitatlar gətirməyi..Bu fikri mənim kəndimdə “İtkin gəlin”dən başqa heç bir roman oxumayan, Folkneri qəti tanımayan və bundan sonra da tanımaq perspektivi olmayan ən adi bir evdar qadın Gülçəmən də deyir. Gülçəmən əmindir ki, məsələn mən “partlasam da “İtkin gəlin “ kimi roman yaza bilmərəm, elə ona görə də şeirlər yazıram, çünki şeir balacadır və asandır...”Gördünmü Gülçəmən Folkneri necə yıxıb-sürüdü? Və mənim kimi özündənrazı, bir vaxt hələ 8 yaşı olanda belə birinci katibin qarşısında “Mən Leninin qızıyam” şeirini “Mən Rafiqin qızıyam” kimi oxuyub atasından başqa bir kişinin qızı olmamağa qərar vermiş birisi üçün bu altında dünya ədəbiyyatının ən məhşur imzaları qoyulan cümlələr keçmir. Xoşladığım bircə cümlə var. Murakamidən pulu sevib sevmədiyini soruşanda “əlbəttə sevirəm, axı pulla çoxlu vaxt almaq olar ki, həmin vaxtı da yazmağa sərf etmək mümkündür..” cavabını verir. Bax, məsələn mənim pulla satın ala biləcəyim vaxta olduqca böyük ehtiyacım var...çünki çoxlu pulum olsa mən ev-məişət işlərindən tamamilə qopub özümü yalnız ədəbiyyata həsr edə bilərdim. Qaldı Folknerdən xatırlatdığın fikrə...mən belə düşünmürəm, hətta istəsən məndən də belə bir aforizmi hədiyyə kimi götürə bilərsən: Azərbaycanda bütün şairlər uğursuz nasirlərdir...
12. Hazırda nə yazırsan, nə yeniliklər gözlənir?
Bir roman başlamışam və bir irihəcmli nəzm əsəri üzərində işləyirəm..Planda isə çox şey var..yeni şeirlər, mahnı mətnləri, kitablar və s. Təki vaxt olsun..Sənə isə uğurlar, gözəl mətnlər, uğurlu layihələr arzulayıram... Əsəd Nəsirli
Baxış sayı: 167
Açar sözlər:
Payız gözəli...Rəbiqənin bloqunda...
Bu dəfə üçün alınmadı...-)) Gələn butulkada inşallah...-)))
Baxış sayı: 324
Açar sözlər:
"Babəkin canlanması"- SİZİ HEYRƏTLƏNDİRƏCƏK ROMAN!
TALEH ŞAHSUVARLIDAN ...
1200 ilə yaxındır ki Babəkin canlanmasını gözləyən gizli xürrəm təşkilatı!
Yəhudilərin kabala inancına və mason örgütünə, italyanların karbonari təşkilatına, ABŞ-da ata və oğul Buşların üzvü olduqları “Sümük və kəllə” qurumuna dəng gələn mistik, konspirativ, tarixə yön verən Azərbaycan lojası!
“Qan və üz” adlanan həmin lojada Mirzə Fətəli Axundov, Fətəli xan Xoylu, Üzeyir Hacıbəyov, Əbülfəz Elçibəy kimi tarixi şəxsiyyətlərin rolu ilə bağlı ilginc faktlar!
Lojanın idarə edən 22 nəfərlik Əsl Yolçular Məclisinin re-enkernasiya etmiş Babək saydığı Azin Kürəçi!
Azin Kürəçinin Bərdədə, Ağdaşda, Şəkidə, Qəbələdə, Laçında, Təbrizdə, Kəleyberdə, Ermənistandakı Tatev kilsəsində, Türkiyənin Kütahya şəhərində, Yunanıstandakı Delfi tapınağında axtardığı sirrlər!
Azin Kürəçinin fəaliyyətini izləyən mistik təşkilatların və xüsusi xidmət orqanlarının gəldiyi nəticələr!
Re-enkernasiya etmiş Babəkin Bəz qalasına yenidən dönüşü !
Babək hərəkatına Xürrəmlərlə Skandinaviya vikinqləri arasında paralellər aparmaqla ortaya qoyulan yeni tarixi baxış!
Azərbaycanın qədim heterodoks təlimi olan xürrəmliyi dünyadakı “New age” dini axını ilə birləşdirən ilk konsepsiya!
Azərbaycanın iqtisadi, sosial, siyasi, mədəni problemlərinə xaos nəzəriyyəsindən və kürəsəlləşmə açısından fərqli yanaşma!
Qeyri-adi sujet xətti, mükəmməl dil, post-modernist üslub!
Bütün bunlar Taleh Şahsuvarlının «Babəkin canlanması » romanında !
Artıq mətbəədə !!!
Tezliklə satışda !
Əlaqə telefonu: 055 880 33 50
Baxış sayı: 197
Açar sözlər:
DİQQƏT !!! MÜSABİQƏ!!!
Sənə və hər kəsə salam, Payız...
Sənə sevgimi sözlərə sığışdırıb nə zamansa açıqlaya bilərəmmi görəsən...?
Səndə doğuldum...
Səndə sevdim...
Yağışınla, soyuq küləklərinlə, ayaqlarımıza səpələdiyin sarı yarpaqlarınla..gözəlsən...
Mən dənizi də səndə sevirəm..Dalğalar boz-bulanıq və dəlisov olsun, külək ləpələrdən alıb da götürdüyü bumbuz damcıları üstümə çırpsın..azacıq çiskin yağış və ruhumun tənhalığı...dəniz, səma, külək..və mən..üşüyüm, əllərimi isitməyə nəfəs, üzümü gizlətməyə ürək çırpıntıları istəyim...Payız...bənzədiyim, sevdiyim, ovutmaq istədiyim, ovunmaq istədiyim, bütün insani hisslərin fövqündə dayanmaq məqamı..hər şeyin faniliyini hər an xatırladığım, bütün sevgilərə, ehtiraslara, dəliliklərə sakitcə, soyuqca, gülümsəyib də “uç burdan! “ deyə bildiyim, insanlara yağışın, küləyin, soyuq və dəli dənizin, solub uçuşan yarpaqların arxasından baxıb da susduğum zaman arası...Səni sevirəm...səni heç vaxt heç kəsi və heç nəyi sevmədiyim qədər sevirəm...Gəl də al ruhumu..gözləyirəm..gözləyirəm..gözləyirəm..heç vaxt heç kəsi və heç nəyi gözləmədiyim qədər...
Belə...
Jalənin mənim bloquma layiq bidiyi “Payız” şeir müsabiqəsini bloqu oxuyan qızların arasında açıq elan edirəm..Oğlanlarsa sadəcə oxusunlar və payızvari şərhlərini qeyd etməyi unutmasınlar...
Buyurun...bu QIZIL GÜL isə qalibə hədiyyə ediləcək...
Qızlar...başladıq...
Baxış sayı: 390
Açar sözlər:
Sadəcə...

Bu soyuq yağışlı səhərdə aldığım sonbahar hədiyyəsi..siz də baxın..çox gözəldir...
Baxış sayı: 213
Açar sözlər:
Qırmızı...

Atamın qırmızı Sovet pasportu,
Anamın qırmızı gəlinlik donu...
Biri- bir ölkənin son yadigarı,
Biri -bir mələklik, bir saflıq sonu.
Qırmızı - qırmızı ötən zamanla
Qırmızı ağacdan olan kamodda
Onlar illərdir ki unudulublar,
Onlar çoxdandır ki çıxıblar yaddan.
Qurban kəsibmişlər mən doğulanda,
Alın yazımı da qanla pozublar,
Guya ki bəxtəvər olmağım üçün
Alnıma qırmızı tale yazıblar.
Bircə mən bilirəm, bir də ki Tanrı
Qırmızı taleyin nə olduğunu...
Bəlkə də cəzasın çəkir dustaq tək
Atamın pasportu, anamın donu...
Baxış sayı: 232
Açar sözlər:
paxlavalardan 5...

sənə
xəyanətin dadına
baxmaq istəyimi boğmadım
özün demişdin hər şeyin
tamını bilmək gərək...
deyəsən zəhərlənmişəm
yediyimdən...
Baxış sayı: 119
Açar sözlər:
Ağrı...

Qadın ağrı çəkirdi.
Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.
Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı.
- Ay Allah..köməyini əsirgəmə..körpəmə, ərimə yazığın gəlsin, bizi tək qoyma, ay Allah..ay Allaahhh...aaaayyyyy...ayallaaaaaahhh...
- Suyu səhərdən gedib, -deyirdi mamaça., - on saatdı susuzdu uşaq, Allah özü kömək olsun. Bəlkə aparaq xəstəxanaya, hə?!- ümidsizliklə ona baxdı.
- Yox, həkim lazım deyil...-dedi o.
- Mənə deyirdi suyu gedib, inanmadım, dedim bəlkə ağırdı, sidiyə çıxıb, hiss eləməyib, vaxtına bir ay qalmışdı axı, -qaynanası ona qısılmış oğlan uşağının ayaqlısını yoxlayıb batıq olduğunu gördü və odun peçinin böyründən aftava-ləyəni götürüb uşağı yumağa başladı
Daha bir sancı dalğası gəldi.
Qadın bütün vücudunu sarmış bu dəhşətli ağrıdan başqa yer üzündə heç nəyi və heç kimi hiss eləmirdi... Yalnız bu ağrı vardı dünyada, bir də qadının özü. Daha heç kim və heç nə.
Saçlarından tutmuş ayaq dırnaqlarınadək ağrayırdı və bu ağrı onun canından zərrə-zərrə qoparaq kainatın hər bir nöqtəsinə yayılırdı. Aramsız qışqırırdı və bu qışqırığın əks-sədası kainatın hər bir nöqtəsində eşidilirdi.
Saçları balışın üzərinə səpələnmişdi, alnında, boynunda tər damcıları parıldayırdı.
O, qeyri – ixtiyari əlləriylə saçlarını arxaya daradı, bir neçə anlıq qulaqlarını sıxıb gözlərini yumdu, alnında, boynunda parıldayan tər damcılarını əllərinin içi ilə sildi, halsızlaşdığını, gücünün və səbrinin tükəndiyini, bu yeri-göyü sarmış ağrıya tab gətirməyərək bu alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasından, bu pilləkənləri sidik qoxuyan köhnə və rütubətli binadan uzağa, mümkün qədər uzağa qaçmaq istədiyini hiss elədi.
Amma hara?
Ağrı hər yerdəydi.
Başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan yaşadığımız, ağrıdığımız dünyaya daha bir insan gəlirdi.
Ağrısı özündən əvvəl doğulmuşdu yer üzünə...
O, bu uşağı illər idi ki, gözləyirdi. Bu ağrını nə qədər arzulamışdı. Bu ağrını çəkən qadınlara həsəd aparıb ağrısızlığa məhkum olduğundan utanıb yerə girmişdi hər dəfə. Sızıldamışdı, yanıb-yaxılmışdı ağrıdan məhrum olduğuna görə. Ağrımışdı ağrısızlığından...Gecələr boyu dualar oxumuşdu , gündüzlər boyu ziyarətgahlara ayaq döymüşdü, saysız-hesabsız cinsi əlaqələrdən əri də bezikmişdi, bitməz-tükənməz müalicələrdən öz canı da yorulmuşdu..Amma bütün bunlar hər 28-ci gün tamam olub Ay bədirləndimi, bir ovuc qana dönüb ümidlərini məhv edirdi.
Bəndələr aciz idi.
Allahsa susurdu.
Dəqiq əmin idi ki, Allahın bircə dəfə üzünü ona çevirib dilucu “OL!” deməsi kifayət edər ağrısızlıqdan qurtulmasına.
Dünya, Kainat bu bircə sözdən yaranmadımı?
Bəs onun bətnində niyə bu nəhayətsiz həyatdan bircə zərrə belə cücərib doğula bilmirdi, niyə?
Axı o da duymaq istəyirdi ağrını.
Bu dadı hiss etmədənmi köçəcəkdi yer üzündən?
Bəs Allah?
Bəs “OL!” kəlməsi?
Öncə SÖZ vardı axı?!
Sonra Dünya yaranmışdı.
İndi burda – bu alaqaranlıq, hisli otağın yoxsulluqla dolu havasında öncə ağrı var.
Sonra insan doğulacaq.
Doğulub öləcək bəlkə.
Doğulub öldürəcək bəlkə.
Doğularkən onu doğanı öldürənlər az olubmu?
-Gəlir..başını görürəm..Caann, qanla doğulur uşaq, susuz, zülümlə..caan, can bala..bir az da..aay sağ ol..ay sağ ol..dayan, hə, güc vermə..mən deyəndə ancaq, eşidirsən? Ancaq mən deyəndə..hə...dayan..indi ver..gəlir..bax, gəlir uşaq...- mamaçanın səsi son anlarını yaşayan ağrını ovutmağa çalışırdı...
Qaynanası yenə də otağın küncündəki kətilə pərçim olmuşdu, qucağındakı oğlan uşağına əmzikli şüşədən süd içirirdi.
Öncə balaca başının təpəsi, sonra alnı, daha sonra üzü göründü...
İlahi!
Bu balaca üzdə nə qədər əzab vardı!
Doğulan onu doğandan daha çox ağrıyırmış sən demə...
O, başının hərləndiyini, gözlərinin qaraldığını, qulaqlarının küyə düşdüyünü hiss elədi..
Bax bu halda, insanın “özündən getməsi” halında, onun ruhunun bədəniylə əlaqəsinin qəfildən kəsilib yenidən qayıtması məqamında ağrı hiss olunmur, unudulur, bəlkə də yoxa çıxır...
Bəs kliniki ölüm məqamı?
İnsanlar ruhlarının bədənlərindən qoparaq onu kənardan seyr etdiklərini danışırlar sonradan...
Qaranlıq və uzun tunel, qatar səslərini xatırladan “tak-tarak, tak-tarak” ritminin içinə düşmək, o tunelin sonuna doğru hərəkət, o tunelin sonundakı işıq..sonra isə yenə də ağrı...
Həyat – ağrı deməkdir.
Ölüm isə daha bir qaranlıq bətn, daha bir ana ürəyinin çırpıntıları ritminin içinə düşmək, daha bir doğuş prosesi və daha bir işıqlı dünyaya çıxmaq şansıdır...
Yenə ağrımaq şansı...
Yenə ağrıtmaq şansı...
- Şükür Allaha!- mamaça çağanın göbəyini burub kəsdi və onu indicə qoyub gəldiyi başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan ayırdı, - göyçək bir qızın oldu, maşallah! Göbək ciyəsi də dümdüzdü, bundan sonra mütləq oğlan olacaq...
- Mən elə qız istəyirdim...- dedi o.
- Atası gəlsin, muştuluq alım, -mamaça sevinirdi.
- Atası gec gələcək, çay kənarından daş daşımağa gedib. Ancaq yatmağa gəlir, bəlkə də səhərə gələ, - qaynana otağın küncündəki kətildən nəhayət ki qalxıb qucağındakı oğlan uşağını yaxına gətirdi, -bacıya baax, əl çal bacıyçün, əl çaal...
-
Oğlan uşağı mamaçanın büküb-bələdiyi çağaya baxdı, gözləri lampanın zəif işığında parıldadı və o, balaca, totuq əllərini bir-birinə vurub güldü. Çağa sanki buna bəndmiş kimi əvvəl tənbəl-tənbəl bir gözünü açdı, sonra balaca ağzını instinktiv olaraq sağa-sola əyərək yeməyini axtardı, tapmayıb ağladı.
Oğlan uşağının balaca , totuq əlləri havada qaldı, gözlərindəki parıltılı sevinc heyrətə, sonra qorxuya çevrildi və o, çağaya qoşulub ağlamağa başladı...
Qadın üstündə uzandığı yemək stolunun qıraqlarını əlləriylə sıxmış, gözlərini möhkəmcə qapamışdı. Nə bu körpə ağlaşmalarını, nə də indicə deyiləcək sözləri eşitmək istəmirdi.
Mamaça son tapşırıqlarını verirdi:
- Bax, soyuqdan qorun. Bilirəm qonşulara-filan ev-eşik təmizləyirsən, pal-paltar yuyursan, amma hələ bir-iki ay eləmə bunu. Onsuz da çox zəifsən. Yadında saxla, doğan arvadın qəbri düz qırx gün, qırx gecə açıq olar deyiblər. ..bir şey olsa, mənə zəng eləyin, gəlib dəyərəm, - ona sarı dönüb əlavə elədi, - məni yola salın gedim.
O, mamaçanın paltosunun cibinə pul basdı, qapını bağlayıb hələ də stolun üstündə uzanmış qadına yaxınlaşdı:
- Əslində ...mamaça mənlik deyildi, bilirsən. Amma biz danışdığımız vaxtdan sonra qiymətlər bahalaşıb, həm də sənin vəziyyətini də nəzərə aldım. Ona yüz dollar verdim, bu min dolları isə qoyuram sənin balışının altına..
- Çox sağ ol, -qadın zorla pıçıldadı.
Baxışları alaqaranlıq və hisli otağın tavanında donub qalmışdı.
- Sən də sağ ol, - o da demək olar ki pıçıldadı və qalın adyala bükülmüş çağanı divanın üstündən qucağına götürdü.
- Ona baxım..-qadının baxışları tavandan qopub qalın adyalın qırmızı güllərinə qondu.
- Yox, ona baxmağını istəmirəm, toxunmağını da. Səninlə şərtimiz vardı. ..Mən bu ayın axırınadək paytaxta köçürəm, bir də heç vaxt səni görmək istəmirəm, yadında saxla, nə vaxtsa bu uşağı axtarmağı, ona kim olduğunu deməyi də ağlına gətirməyəsən..bu, sənin deyil, eşidirsən? Sənnənəm...-az qala yalvararaq sızıldadı...
- Hə...-qadının baxışları qalın adyalın qırmızı güllərindən qopa bilmirdi.
- Allaha əmanət olun, - o, qapıya tərəf getdi, otağın küncündəki kətildən durmaq fikri olmayan qadına baxdı, - zəhmət olmasa qapını açın. Arvad tənbəl-tənbəl qalxıb qapını açdı, qalın adyalın qırmızı güllərini çölə ötürüb qadının yanına qayıtdı. Oğlan uşağını yenidən qucağına alıb küncdəki kətilə sarı getdi:
- Puldan özünə saxla, qalanını da verərsən, ərin sənəd-sünədini düzəldib gedər Moskvaya-zada. Kişi olub kişilərə qarışacaq barı...On beş manat da mənə verərsən, unun pulundan dükana borclu qalmışam, onu verməliyəm...yatmısan?
- Yox..- qadın zorla eşidiləcək səslə deyə bildi.
Əlləri, üstündə uzandığı yemək stolunun qıraqlarını sıxmaqdan yorulmuşdu, gözləri yenə də tavana dikiliydi..baxışları isə qalın adyalın qırmızı güllərinə ilişib getmişdi...
Baxış sayı: 182
Açar sözlər:
paxlavalardan 4...
![]()
dekabrın dördüydü
sulu qar yağırdı
səni yolayrıcında gözləyən ümidlərimə
nə yaxşı gəlmədin
donub öldü
səfehliklərim...
Baxış sayı: 117
Açar sözlər:
6.10...

Bu gün...
YER adlı
cəza və ölüm düşərgəsinə
sürgün olunduğum günün
daha bir ili
tamam olur...
Məhbus yoldaşlarım
təbrik edəcəklər məni
-Neçə illər yaşayasan, -deyə...
Yalnız
uzaq Hindistanın
Vrindavan kəndindəki
brahmaçari dostum
-Bir da səni
buralarda görməyim, qız!- deyəcək...
Ah, Nakula..
sən bu səhər yenə
o qadın əllərinə
toxunmamış barmaqlarınla
Tulasi ağacından olan təsbehdə
muncuqları
bircə-bircə ötürdükcə
gözlərini yummusan yəqin..
dilinin ucunda bircə ad..
taam mənim kimi...
amma
mənim təsbehim yoxdu, Nakula,
həm də Tulasi ağacından..
Vrindavanı da görmədim ki,
ya Yamuna sahilində
qoşulmadım ki
paytaxtdan gələn oğlana
vurulub havalanan
qarayanız çoban qızlarına?!
baax...
heç mənim əllərim də təmiz deyil..
hər
Günəş doğandan
Ay batanədək
pıçıldadığım da
insan adıdı,
Nakula...
mən
bu gün yenə
süfrəmdəki adamları
çeşid-çeşid cəsədlərə,
üfunətli içkilərə qonaq etməliyəm..
sən
mənimçin
bircə qurtum saf su iç..
və pıçılda:
-Səni
bir də
buralarda
görməyim, qız! - deyərək...
Baxış sayı: 234
Açar sözlər:
paxlavalardan 3...

bir
şəklim var
orda sənə gülümsəyirəm
hər gün baxıb kədərlənirəm
sənə məsumca aldanıb
şirincə qıyılmış
gözlərimə...
Baxış sayı: 120
Açar sözlər:
ƏYALİYYƏT və ƏDƏBİYYAT...

Biz “ Əyalətdən ədəbi prosesə baxış” kimi mövzularda yazıları çox oxuduq.
Amma “ Ədəbi prosesin əyalətə baxışı” mövzusu işlənmədi.
Bəlkə kompromiss bir mövqe tutub “əyalətdə ədəbiyyat” mövzusunu gətirək gündəmə?
Bəlkə bir aksiya kimi edək yazılarımızı, hə, nə deyirsiniz?
Mən Lənkərandakı vəziyyətdən yazım, başqa bölgələrdə yaşayıb-yaradanlarımız da öz məkanlarındakı ədəbi prosesdən.
Təbii ki, əgər bu proses varsa...
*** *** ***
Öncə ümumi mənzərənin fonu üçün bir qədər əvvəlki illərə, atəşkəsin ilk illərinə aparmaq istəyirəm sizi.
O zaman Lənkəran Dövlət Universiteti hələ BDU-nun filialı kimi fəaliyyətə başlamışdı. Bakıdan saathesabı dərs deməyə gələn paytaxt pedaqoqları, müxtəlif rayonlardan və paytaxtın özündən təhsil almağa gələn gənclər bölgənin həyatında al-əlvan bir mənzərə yaratmışdı. Artıq şəhərin küçələrində qızla oğlan salamlaşıb iki addım gedə bilərdi, artıq şalvarda, qısa ətəkdə gəzənləri rayon cavanları sakit və təbii qarşılamağa başlamışdılar. Bura yerli TV-nin yaranmasını da əlavə etsək, bölgənin necə sürətli dəyişməyə məruz qalmasını sözlə deməyə ehtiyac qalmayacaq. Ən əsası isə, artıq müharibə xofu az da olsa çəkilib getmişdi. İnsanlar birisi günə olmasa da sabah səhərə çörəklərinin olacağına artıq inanmağa başlamışdılar. Və belə bir şəraitdə bölgədə mərhum şair Şəkər Aslanın “Söz” jurnalı, Yazıçılar birliyinin bölgə filialının “Şəfəq” jurnalı fəaliyyət göstərirdi, “Qala”, “Ənəlhəqq” kimi ədəbi qəzetlər çıxırdı. Bundan əlavə, “Lənkəran” qəzetinin ədəbiyyat səhifəsi də vardı və biz gənclər bunlarda mütəmadi dərc olunurduq. Yerli radioda da gənclərin ədəbi yaradıcılığına mühüm yer ayrılmışdı. Gələk o zamankı ədəbi məclislərə. “Fövcül füsəha” adlı məclisdə Mirhaşım Talışlı və bölgənin nisbətən yaşlı yazarları yığışıb sözlərini deyirdilər.Gənclər məhz bu ahıl yazarların maraqlarına və dünyagörüşlərinə köklənməli olduqlarından bir çoxları sadəcə bu məclisin yığıncaqlarında iştirak etməməyi üstün tuturdu, eləcə də mən özüm. Çünki bura yığılan ağsaqqal-qarasaqqalların ərəb-fars ifadələriylə zəngin qəzəllərini dinləyib o havaya oynamaq sadəcə mənim səbrimə uyğun deyildi. Düşünürəm ki bir çoxlarının da. Şəkər Aslanın “Şəm” məclisi də vardı, daha sonra “Rüşnə” ədəbi məclisi də fəaliyyət göstərirdi. Daha bir mərhum şair Vəlişah Əliyevin rəhbərlik etdiyi bu məclisdə qocalar da, cavanlar da istədikləri hər janrda yazıb oxuyurdular və əsasən Talış dilində yazıb-yaradanlar yığışırdı bura. Ziyafətin təşkil etdiyi “Ziya” məslisinə isə əsasən yeniyetmələr yığışardı.
Bir dəfə mən, Məmməd Həbib və Ağamir Cavad tanıdığımız bütün yaradıcı gəncləri bir araya yığaraq öz yaradıcılıq mərkəzimizi yaratmaq qərarına gəldik. Sözləşib ayrıldıq və həftənin sonunda LDU-nun akt zalına gəldiyimiz vaxt dəvət etdiyimiz gənclərin hamısını burada görüb böyük bir inamla “Duyğu” yaradıcılıq birliyinni yaratdıq. “Duyğu”nun ətrafına gənc şairlər, bəstəkarlar, rəssamlar, tənqidçilər yığışırdı. Həftədə bir dəfə gəldiyimiz bu məclisdə biz yeni yazılarımızı oxuyub müzakirə edir, mübahisələr aparır, bədahətən şeirlər yazır, indi internet məkanlarında geniş vüsət alan əsl forumlarımızı təşkil edirdik.
Sonra...
Bəs sonra nə oldu?
Müharibə, qan xofu çəkilən ölkədə insanların adrenalinə təbii ehtiyacı azaldıqca, “çörək pulu” siyasəti mənəvi dünyalarımızı dağıtdıqca ədəbi proses də susdu..”Duyğu” ətrafındakı uşaqlar – Məmməd Həbib, Anar Həbiboğlu, Ağamir Cavad, Şəmsurə, Aygün və Günay bacıları, Samirə, Aşiq Ələsgər, Nurəddin Rzayev, Şahlar, Səfail..görürsünüzmü, bu imzalar yoxdu demək olar ki...Amma hər birisi öz orijinallığı, təkrarsız yazı qabiliyyəti ilə seçilən gənc yazarlar idi bunlar...
*** *** ***
Bu günlərdə Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasına getmişdim. Kitabxananın müdiri Elaza xanımla söhbətimdən aydın oldu ki, universitetdə nə ədəbi məclislər var, nə tələbələrin özlərinin təşkil edib yığışdığı bir yer. Yazıb yaradan Qədim təxəllüslü bircə aspirantın adını çəkdi ki, həmin Qədimi elə mən qədim dövrdə - onun birinci kursda tələbəykən yeni il şənliyində şeir oxumasından yadımda saxlamışdım.
Vəssalam...
Lənkəran Universiteti və onun Qədim ədəbiyyatı